30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımız azad olunduqdan sonra Cənab Prezident İlham Əliyev tez-tez bu torpaqlara səfər edir. İşğaldan azad olunmuş torpaqlarımızın abadlaşdırılması, sakinlərin öz doğma yurdlarına qayıtması üçün əlindən gələni edir. Bildiyimiz kimi torpaqlarımızın geri qayıtmasından 2 il keçir. Bu iki ildə çoxlu işlər görüldü, yollar çəkildi, evlər tikildi, məktəb binası istifadəyə verildi. 2022-2023 -cü tədris ilində işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində Ağalı kənd tam orta məktəbinin açılışı oldu. Hal-hazırda bu məktəbdə tədris davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 19-da Zəngilan rayonuna səfər ediblər. Dövlət başçımız Ağalı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, kənd sakinləri ilə görüşüb. Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava limanında yaradılan şəraitlə tanış olub.Dövlət başçımız Qubadlı rayonuna da səfər edib. Qubadlı rayonunda "Bərgüşadçay" və "Zabuxçay" su anbarlarının layihələri ilə tanış olub. Səfər zamanı Qubadlı Elektrik Şəbəkəsinin təməli qoyulub. Cənab Prezidentə Qubadlı şəhərinin baş planı təqdim olunub. Eyni zamanda Qubadlıda İşğal və Zəfər muzeylərinin təməli qoyulub.Prezident İlham Əliyev 20 oktyabrda Cəbrayıl rayonuna səfər edib. Şükürbəyli- Cəbrayıl-Hadrut avtomobil yolunun açılışında iştirak edib. Cəbrayıl rayon ərazisində yaradılacaq "Azərbaycan -Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Dostluq Meşəçi", "Ağıllı Tüngçülük" Kompleksi ilə tanış olan Prezidentimiz, layihənin həyata keçirilməsi çərçivəsində əraziyə 18 ceyran buraxılması mərasimini izləyib. Eyni zamanda Cəbrayılda Elektrik şəbəkəsini rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Cəbrayılda aparılan bütün tikinti işləri ilə tanış olub.Dövlət başçımız Cəbrayıl şəhərində rəsmi tədbir keçirib. Cəbrayıl şəhərində vaxtilə çoxlu binalar olub, insanlar yaşayıb. İşğal dövründə düşmən bütün şəhərləri, kəndləri dağıdıb yerləbir etmişdilər. Düşmənin əsas məqsədi olub ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Düşmən bunu şəhərlərimizi, kəndlərimizi dağıtmaqla, yerlə yeksan etməklə Azərbaycan xalqı bu torpaqlardan imtina edəcəklərini düşünüblər. Ancaq biz qayıtdıq. Qan tökərək, döyüşərək, canımızdan keçərək qayıtdıq. Bu gün bu torpaqlara həyat qayıdıb. Biz bunu Ağalı kəndinin timsalında görürük. Cənab Prezidentimiz Cəbrayıla səfəri zamanı çıxışında qeyd edərək deyib, bütün keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq. Quruculuq-bərpa işlərində Türkiyə qardaşları da bizlərlə bir yerdədir.Qarabağın gündən-günə inkişafının şahidi oluruq. Layihələrdə, görülən bütün abadlıq işlərində Türk qardaşlarımızın dəstəyi böyükdür. Edilən bütün dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və bütün Türk xalqına təşəkkürümüzü bildiririk.Şakir Əliyev, Xocalı rayon ziyalısı